Peyğəmbərlərin qissələri
- Hz. İbrahimin həyatı
- Hz. Süleyman və Səba məlikəsi
- Lut qövmü və alt-üst olan şəhər
- Nuh tufanı
- Səmud qövmü
Quran möcüzələri
Xalqların həlakı


"Səmud təhdidləri yalan saymışdı. Onlar demişdilər: "Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!" "Onlar kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!" ("Qəmər" surəsi, 54/23-26)
Quranda deyilənlərə görə, Səmud xalqı da Ad xalqı kimi Allahın xəbərdarlıqlarına baxmayaraq özlərini ölümə məhkum etdilər. Müasir elmi tədqiqatlar əvvəllər məlum olmayan səmudyanların olduqları yer, tikdikləri evlər, həyat tərzi haqda bir çox məlumatların üzərinə işıq saldı. Quranda adıçəkilən Səmud xalqının mövcudluğu indi əksər arxeoloji tapıntılarla təsdiqlənən sübut edilmiş tarixi faktdır.
                              Səmudlarla bağlı  arxeoloji tapıntılardan danışmazdan əvvəl Quran ayələrindəki peyğəmbərin yolunu azmış xalqı ilə mübarizəsini xatırlamaq  lazımdır, çünki Quran bütün dövrlərin insanlarına nazil edilib və buna görə də Səmud xalqının  onlara gələn çağırışı inkar etməsi faktı və Allah-Təalanın onları cəzalandırması  bütün sonrakı nəsillər üçün ibrət olmalıdır.
Saleh peyğəmbərin təbliği
Quranda deyilir ki, Allah-Təala Saleh peyğəmbəri göndərdi ki, Səmud xalqını gördükləri pis əməllərdən çəkindirsin. Saleh peyğəmbər Səmud xalqı arasında olduqca böyük nüfuza malik şəxsiyyət idi. Xalq bir gün Salehin dilindən həqiqi dinə çağırış eşitdikdə və onları etdiyi pis əməllərdən çəkindirdiyinə görə güclü təəccüblənmişdi. Onların ilk reaksiyası soyuqluq və töhmət idi:
                              "Səmud qövmünə də qardaşları Salehi peyğəmbər göndərdik. O dedi: "Ey  camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. O  sizi yerdən yaradıb orada sakin etdi. Bağışlanmanızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən,  Rəbbim yaxındır, qəbul edəndir!" Onlar dedilər: "Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi  atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik" ("Hud"  surəsi, 11/61-62).
                              Xalqın  az hissəsi Saleh peyğəmbərin çağırışına cavab verdi, sakinlərin əksəriyyəti isə peyğəmbərin sözlərinə güldü, Salehə çox düşməncəsinə yanaşan əyanlar ona  xüsusi ədavətlə yanaşdılar. Onlar təzyiq göstərərək Salehin tərəfdarlarını da zəiflətməyə cəhd göstərirdilər. Onlar Saleh  peyğəmbərin yalnız tək Allaha səcdə etmək çağırışından qəzəbləndilər. Əslində, Səmud xalqı  yalnız öz sələflərinin - Nuh peyğəmbər xalqının və Ad xalqının taleyini təkrar etdilər. Quranın üç  xalqdan bu cür bəhs edən ayələrindən biri:
                            "Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın  bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub:  "Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" - demişdilər" (“İbrahim"  surəsi, 14/9).
                              Səmudlular Saleh  peyğəmbərin bütün xəbərdarlıqlarına baxmayaraq kafirliklərində və Yaradanın rəhmini inkar etməkdə inadla davam  edirdilər. Yalnız bəziləri Salehin peyğəmbərliyinə inandı və ədəbsizliklərinə görə peşman  oldular. Sonra Səmud xalqının cəza vaxtı  yetişdikdə Allah yalnız onlara və Saleh peyğəmbərə toxunmadı:
                              "Saleh tayfasının özlərinə sığışdırmayan başçıları  içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: "Siz Salehin,  doğrudan da, Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?" - deyə soruşdular. Onlar:  "Bəli, biz onunla göndərilən hər bir şeyə inanırıq!" - deyə cavab verdilər. Özlərinə ar bilənlər: "Sizin  inandığınıza biz inanmırıq!" - dedilər" ("Əraf" surəsi, 7/75-76).
                              Səmud xalqı  Salehin peyğəmbərliyini inkar etməkdə davam edir və Allah-Təalaya səcdə etməkdən imtina edirdilər. Bundan əlavə, səmudun əyanları hətta Salehi -  guya Allahın adına - öldürməyi planlaşdırırdı:
                              "Onlar dedilər: "Bizə sənin və yanında olanların  ucbatından uğursuzluq üz verdi. Saleh dedi: "Sizin uğursuzluğunuz  Allahdandır. Bəlkə də, imtahan olunursunuz. Şəhərdə doqquz kişi var idi ki,  yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzdilər. Onlar öz aralarında  Allaha and içib belə dedilər: "Biz gecə ona və ailəsinə hücum edib öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, doğru danışırıq!"  Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən hiylələrinin cəzasını verdik"  ("Nəml" surəsi, 27/47-50).
                              Saleh  Səmud xalqını son  dəfə yoxlamaq və onlara Allahın  əmrlərinə tabe olmağa  imkan vermək üçün onlara dişi dəvəni göstərdi və dedi ki, onlar olan sularını dəvə ilə bölüşsünlər və ona ziyan  yetirməsinlər. Bu, xalq üçün son sınaq idi. Salehin xalqı Allahın bu əmrinə dəvəni öldürməklə cavab verdi.  Bu ayədə hadisələrin gedişatı belə təsvir edilib:
                              "Səmud tayfası da peyğəmbərləri təkzib etdi. O vaxt ki,  qardaşları Saleh onlara dedi: "Məgər qorxmursunuz? Şübhəsiz ki, mən sizin üçün etibar  olunası bir peyğəmbərəm! Artıq Allahdan qorxun və mənə itaət edin! Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! Məgər siz elə burada onların içində arxayınlıqla  qalacaqsınız? Bağlar və çeşmələr içində, əkinlər və lətif çiçəkli xurmalıqlar içində! Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? Artıq Allahdan  qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər! Onlar dedilər: "Həqiqətən, sən ovsunlanmışlardansan! Sən də bizim kimi ancaq adi bir  insansan! Əgər doğrudanışanlardansansa, bizə bir möcüzə gətir!" Dedi: "Bu,  dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! Ona heç bir pislik  etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar!" Amma onlar tutub kəsdilər, sonra da peşman  oldular" ("Şuəra" surəsi, 26/141-157).
                              Saleh  peyğəmbər və xalqı arasındakı mübarizə haqda bu surədə də xəbər verilir:
                              "Səmud təhdidləri yalan saymışdı. Onlar  demişdilər: "Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq  yoldan azmış və dəlilik etmiş olarıq! Məgər içərimizdən vəhy yalnız onamı nazil  olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!" "Onlar kimin  yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər! Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və döz! Və onlara suyun onlar  arasında bölündüyünü xəbər ver! Hərə öz növbəsində hazır olsun!" Nəhayət, onlar öz yoldaşlarını  çağırdılar. O da tutub kəsdi" ("Qəmər" surəsi, 54/23-29).
                              Ancaq  cəzalanmadıqlarını  və Salehin  xalqına öldürdükləri dəvəyə görə xəbər verdiyi qisasın olmadığını görən xalq daha da  azğınlaşdı: Salehin ünvanına təhqirlər və həqarətlər yağdırdı, onu yalançı elan etdi:
                              "Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub:  "Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu gətir görək!" - dedilər" ("Əraf" surəsi, 7/77).
                              Ancaq  Allah kafirlərin bütün əxlaqsızlıqlarını üzə çıxardı və Salehi bu pis  niyyətlərdən qorudu. Saleh xalqının bu hərəkətindən sonra bütün nəsihətlərin onlar üçün  faydasızlığını anlayaraq xalqına xəbər verdi ki, üç gün müddətində Allahın qəzəbi onları məhv edəcək: "Dedi: "Daha üç gün yurdunuzda  yaşayıb kef çəkin. Bu elə vəddir ki, yalan çıxmaz!" ("Hud", 65).
                              Həqiqətən də Salehin xəbərdar etdiyi vəd düz üç gündən sonra yerinə yetdi. Səmud xalqı məhv edildi:
                              "O zülm edənləri qorxunc bir səs bürüdü və evlərində diz üstə çöküb qaldılar. Sanki  onlar heç yaşamamışdılar. Bilin ki, Səmud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Səmud tayfası kənar oldu!" ("Hud"  surəsi, 11/67-68).
Səmud xalqı haqqında arxeoloji tapıntılar
Quranda bütün adıçəkilən xalqlardan ən çox Səmud xalqı haqda məlumat qalıb. Tarixi mənbələrdən Səmud xalqının olması dəqiq məlumdur. Güman edilir ki, Quranda adıçəkilən Hicr və Səmud xalqları eyni xalqlardır, çünki səmudluların başqa etnonimi "Əshabı-Hicr"dir. Bu halda "səmud" sözü xalqın özəl etnonimi, Hicr isə onların tikdiyi böyük şəhərlərdən birinin adıdır, bu isə qədim yunan coğrafiyaçısı Plininin təsvirlərinə uyğundur. O, yazırdı ki, "Səmud xalqının yaşayış yerləri Domath və Heqra şəhərləri, yəni indiki Hicr şəhərinin torpaqlarıdır".
                          Səmud xalqından bəhs edən tanınmış mənbələrdən ən qədimi Babilin  (e.ə. 8-ci əsr) hərbi salnamələridir. Orada Səmud xalqı üzərində qələbə çalmış Babil  hökmdarı II Sarqon haqda danışılır. Sarqon onları Şimali Ərəbistana yürüş  zamanı darmadağın etmişdi. Qədim yunanlar da bu xalq haqqında məlumat verirlər: Aristotelin,  Ptolemeyin və Plininin əsərlərində bu xalq "Thamudaei", yəni "Səmudlar"  kimi tanınır.30 Peyğəmbərimizin (s.ə.v.) gəlişinə qədər, yəni təxminən 400-cü ildən 600-cü illərə qədər onların izi-tozu da qalmadı.
                          Səmud və Ad xalqlarının  adı Quranda həmişə bir yerdə çəkilir. Bundan əlavə, ayələr Səmud xalqı Ad  xalqının ölümündən dərs götürməyə çağırırdı, deməli, Səmud xalqı Ad  tayfasının taleyi haqda xəbərdar idilər:
                              "Səmud tayfasına da  qardaşları Saleh dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa  heç bir tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın  torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsanız!  Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını  ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı xatırlayın,  Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!"" ("Əraf" surəsi, 7/73-74).
                              Ad  və Səmud xalqı  arasındakı əlaqə Quran ayələrindən aydın olur. Həmçinin çox  güman ki, Ad xalqı səmudluların mədəniyyətinin əsasını qoymuşdu və onların əcdadlarıdır.  Saleh peyğəmbər Səmud xalqını Ad xalqının pis taleyini xatırlamağa və ondan dərs almağa  çağırırdı.
                              Öz  növbəsində Ad xalqına sələfləri Nuh xalqı haqda da danışılırdı, deməli, Nuh xalqı  Ad xalqı üçün olduğu kimi Ad xalqı da Səmud xalqı üçün  vacib tarixi əhəmiyyət kəsb edirdi. Bu xalqlar bir-biri haqda məlumatlı və bəlkə də eyni kökdən idilər.
                              Biz  Quranda Ad xalqının Səmud xalqı arasında deyilən əlaqəyə dair məsələyə artıq  toxunmuşduq. Quran Səmud xalqına Ad xalqını xatırlamağa və onların  ölümündən ibrət götürməyə çağırırdı, ancaq Ərəbistan haqda  tarixi kitablarda iddia edildiyi kimi, Səmud xalqı və Ad xalqı  coğrafi cəhətdən bir-birindən uzaq torpaqlarda yaşayırdılar. İlk baxışda bu iki  xalq arasında heç bir əlaqə yoxdur. Bəs o zaman ayədə Ad xalqına tarixi Səmud xalqı niyə xatırladılır?  Cüzi coğrafi araşdırma aparandan sonra məsələ aydın olur: məlum olur ki, Ad  xalqının Səmud xalqına coğrafi uzaqlığı əslində aldadıcıdır. Tarix Ad xalqı ilə Səmud xalqının  arasındakı sıx əlaqəyə şahidlik edir. Səmud xalqı Ad  xalqını gözəl tanıyırdılar, həmçinin bu iki xalq hər şeydən əvvəl bir kökdən əmələ gəliblər.  "Britannika" Ensiklopediyası "Səmudlar"  başlıqlı məqalədə belə yazır:
                              "Qədim Ərəbistanda b.e.ə.IV əsrdən b.e.VII əsrinə qədər üstünlük təşkil edən tayfa və ya tayfa  ittifaqı. Səmud xalqı Cənubi Ərəbistandan çıxmasına baxmayaraq onların böyük hissəsi yəqin ki, çoxdan  şimala köçüb, ənənəvi olaraq Cəbəl Əsləb dağının yamacında məskunlaşıb.  Hicazla Dəməşq arasında yaşayan səmud xalqı "Əshab-i-Hicr"  kimi tanınır. Həm Cabəl Əsləbdə, həm də bütün Mərkəzi Ərəbistanda aparılmış arxeoloji tədqiqatlar  zamanı səmud xalqına məxsus olan çoxsaylı qayaüstü rəsmlər və yazılar  tapılmışdır".
                              Həm Hicazda, həm də Cənubi Ərəbistanda səmud xalqının yazısını  (bunu səmud əlifbası adlandırırlar) xatırladan əlifba  tapılmışdır.32 O, ilk dəfə Orta Yəməndəki səmud yerinin yaxınlığında tapılmışdır. Bu rayonun  şimalında Rubal-Xali, cənubunda Hadramaut və qərbində Sabvah şəhərləri yerləşir.
                              Əvvəl biz Ad  xalqının Cənubi Ərəbistanda yaşadıqlarını qeyd etmişdik. Ancaq ən maraqlısı  odur ki, Ad xalqının, xüsusən onların əcdadlarının - hədramilərin məskunlaşdığı  rayonda və Ad xalqının paytaxtının ətrafında Səmud xalqına məxsus olan ev əşyaları aşkar edilmişdir. Bu isə Quranda qeyd  edilən Səmud xalqı ilə Ad xalqı arasındakı əlaqəni  işıqlandırır. Saleh peyğəmbər Səmud xalqına müraciət edərkən onlara Ad  xalqının yerinə gəldiklərini xatırladır və bu əlaqə belə aydın olur:
                              "Səmud tayfasına da  qardaşları Saleh dedi: "Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa  heç bir tanrınız yoxdur... Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını  ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdiyi vaxtı  xatırlayın..." ("Əraf" surəsi, 7/73-74).
Bir sözlə, Səmud xalqı Allaha və onun peyğəmbərlərinə tabe olmadığı üçün cəzalandırıldı. Onların ucaltdığı bütün tikililər, yaratdığı incəsənət əsərləri və sivilizasiyanın digər nailiyyətləri onları Yaradanın qəzəbindən xilas etmədi. Səmud xalqı da çoxsaylı əvvəlki və sonrakı dönük xalqlar kimi təbii fəlakətlə yer üzündən silindilər.







