Peyğəmbərlərin qissələri
- Hz. İbrahimin həyatı
- Hz. Süleyman və Səba məlikəsi
- Lut qövmü və alt-üst olan şəhər
- Nuh tufanı
- Səmud qövmü
Quran möcüzələri
Xalqların həlakı

 
                          Üzərində yaşadığımız dünya biz hiss etməsək də daxildən və xaricdən bir çox təhlükə mənbələri ilə doludur. Meteoritlər, qara dəliklər və kometlər xarici təhlükələrin yalnız bir hissəsidir. Başqa tərəfdən də dünyanın dərinliklərinə getdikcə minlərlə dərəcə istiliyi olan təbəqələrə rast gəlmək olar. Belə ki, dünyanı "ayağımızın altında qaynayan bir kürə" kimi təqdim etsək, bu heç də yanlış olmaz. Bunlardan başqa, dünyanın hər tərəfini qoruyan bir atmosfer təbəqəsi də var. Atmosferin qoruyucu xüsusiyyəti ilə yanaşı həm də olduqca böyük təsiri olan atmosfer hadisələri də mövcuddur: küləklər, fırtınalar, tayfunlar...
                              Bütün bu təhlükə  mənbələri çox vaxt təsirli olur: bunların sayəsində də can və mal itkisi ilə  nəticələnənən və təbii fəlakətlər adlandırılan hadisələr baş verir. Başda  zəlzələlər olmaqla vulkanlar, sellər, nəhəng dalğalar, fırtınalar, böyük  yanğınlar bir-birindən şiddətli təsirlərə malikdir. Onların ortaq  xüsusiyyətləri isə qısa müddət ərzində bir şəhəri, orada yaşayan insanları və  bütün canlıları yox edə bilmələri, böyük dağıntılara səbəb olmalarıdır. Ən  mühüm cəhət isə insanların bu fəlakətlərin qarşısında aciz qalmasıdır.
  
                              Bütün bu fəlakətlər insanların çox yaxşı bildiyi, lakin onlarla qarşılaşana  qədər ağıllarına belə gətirmək istəmədiyi həqiqətlərdir. Dünyadakı həyat elə  uyğun tarazlıqlar üzərində tənzimlənib ki, belə hadisələr böyük sahələri əhatə  etmir. İnsanlar da daxil olmaqla bütün canlılar üçün xüsusi bir qoruma sistemi  var. Lakin bu qoruma ilə yanaşı Allah bəzən insanlara yaşadıqları məkanın nə  qədər etibarsız olduğunu da göstərir. Haqqında danışdığımız hadisələri əmələ  gətirərək üzərində yaşadıqları planetin hakimi olmadıqlarını bir daha onlara  bildirir. Onların acizliyini özlərinə göstərir və bütün bunlar ağıllı insanlar  üçün bir nəsihətdir.
                              Bəs bundan əlavə  insanlar bu hadisələrdən hansı nəticələri çıxarmalıdır?
  
                          Kitabın əvvəlində də vurğuladığımız kimi, bu dünya insanların sınağa çəkilməsi,  Allaha iman gətirənlərlə gətirməyənlərin bir-birindən ayrılması üçün hazırlanmış  imtahan yeridir. Allah bu həqiqəti "...hansınızın  daha gözəl əməl sahibi olacağınızı sınayıb bilmək üçün göyləri və yeri altı  gündə yaradan Odur" ("Hud" Surəsi, 7) ayəsi ilə bildirir.
                              Dünyadakı bu  imtahan şəraiti olduqca qüsursuz hazırlanıb: belə ki, hər bir hadisə müəyyən  səbəblərlə baş verir. Hər bir cəhət səbəb-nəticə əlaqəsi ilə əmələ gəlir.  Məsələn, insanların yer üzündə dayana bilməsi yerin cazibə qüvvəsi ilə izah  edilir; yağışın yağması buludlar və külək nəticəsində baş verir; ölüm, qəza və  xəstəlik mütləq bir səbəbə bağlıdır... Şübhəsiz ki, belə səbəb-nəticə  əlaqələrindən çox bəhs etmək olar. Lakin ən əsası onların sayı deyil, nə  dərəcədə "inandırıcı" bir sistem əmələ gətirmələridir.
  
                          Bu sistemin bir xüsusiyyəti də hər bir hadisənin insan məntiqinin anlaya  biləcəyi şəkildə baş verməsidir. Məsələn, Allah bəzən insanlara təbii  fəlakətlərlə xəbərdarlıq edə bilir. Məsələn, zəlzələ kimi bir hadisə ilə bir  çox insanlar ölə və ya yaralana bilər. Bunların da arasında gənclər və  yaşlılar, kişilər və qadınlar, hətta uşaqlar da ola bilər. Bütün bunlar son  dərəcə "təbii" görünür və qafil bir insan bu fəlakətlərin müəyyən bir  məqsədlə Allah tərəfindən yaradıldığını bilməz. Indi fikir verək, əgər belə  olmasaydı və bir zəlzələdən yalnız Allah qarşısında günahkar olanlar zərər  çəksəydilər, nə baş verərdi? Şübhəsiz ki, imtahan şəraiti aradan qalxardı.  Lakin Allah belə bir şeyə izn verməmiş və yuxarıda da qeyd etdiyimiz kimi,  dünyadakı hər bir hadisəni olduqca "təbii" mizanda yaratmışdır. Bu  "təbii" hadisələrin arxasında müəyyən məqsədlərin olduğunu yalnız  Allahın fərqində olan və dərin anlayışa malik olan möminlər dərk edə bilərlər.
                          Bundan əlavə,  Allah "Hər kəs ölümü  dadacaqdır. Yoxlamaq məqsədilə biz sizi xeyir və şərlə sınağa çəkərik. Və siz  ancaq bizim hüzurumuza qaytarılacaqsınız!" ("Ənbiya" Surəsi, 35) ayəsi ilə həmişə bütün insanları yaxşı  və pis hadisələrlə imtahana çəkəcəyini bildirir. Bir hadisə olduğu zaman həmin  yerdə olan bir çox insanın bundan təsirlənməsi əlbəttə ki, imtahanın bir  sirridir. Yaddan çıxarılmamalıdır ki, Allah sonsuz ədalət sahibidir və bu  ədaləti ilə axirətdə hər bir insana öz əməllərinin əvəzini verəcək. Bu dünyada  insanların başına gələn bütün hadisələr bir sınaqdır. Səbr edənlərin də, sınağa  çəkildiklərini bilməyənlərin də etdiklərinin əvəzi tam olaraq veriləcək. Belə  ki, Allaha qəlbən bağlı olan, Onun ucalığını lazımınca qiymətləndirən bütün  insanlar dünyanın bu sirrini dərk etmişlər. Onlar başına bir müsibət gəldiyi  zaman dərhal Allaha üz tutur və tövbə edirlər. Çünki Allahın Qurandakı bu  vədini bilirlər:
                              "Əlbəttə,  Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə  imtahan edərik. Səbr edən şəxslərə müjdə ver! O kəslər ki, başlarına bir  müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona tərəf qayıdacağıq!" -  deyirlər. Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru  yolda olanlardır!" ("Bəqərə" Surəsi, 155-157) 
                              Yuxarıda qeyd  olunduğu kimi, inanan və inanmayan bütün insanlar bəzi hadisələrlə sınağa  çəkilirlər. Bəzən təbii fəlakət, bəzən gündəlik həyatda olan bir hadisə, bəzən  də bir çox çatışmazlıq və xəstəliklər dünyada insanlardan uzaq olmayan  həqiqətlərdir. Belə hadisələr bəzən insanlara, bəzən də cəmiyyətlərə təsir  edəcək səviyyədə meydana gəlir və insanlara həm maddi, həm də mənəvi baxımdan  təsir göstərir. Məsələn, rifah içində və bolluqda yaşayan insanların iflasa  uğraması, olduqca gözəl bir insanın üzünün qəzadan sonra dəhşətli şəkil alması  və ya sağalmaz xəstəliyə tutulması, ani bir fırtına ilə bir şəhərin dağılması  tez-tez rast gəlinən və dünyanın "tükdən asılı olduğunu" göstərən  hadisələrdir.
                              
                              Ən əsas olan məsələ insanların bütün bu hadisələrdən özləri üçün nəticə  çıxarmasıdır. Çünki Allahın insanları maddi və mənəvi zərər verən hadisələrlə  xəbərdar etməsi o insanların düşdükləri yanlış yoldan çıxması, Allahın doğru  yoluna gəlməsi üçün bir vasitədir. Allah insanlara baş verən bu fəlakətlərin də  dünyada olan başqa fəlakətlər kimi müəyyən bir məqsədinin olduğunu, bunların  insanlar üçün bir "xatırladıcı" olduğunu göstərir. Allah Quranda hər  şeyin Onun izni ilə həyata keçdiyini belə bildirir:
                              "Allahın  izni olmadıqca heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, onun qəlbini  haqqa doğru yönəldər. Allah hər şeyi biləndir!" ("Təğabun"  Surəsi, 11) 
                              "Allahın  izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır.  Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə  isə axirət savabından verərik. Şükr edənləri də, əlbəttə,  mükafatlandıracağıq!" ("Ali-İmran" Surəsi, 145) 
                              Bütün bunlarla  yanaşı, qarşıya çıxan çətinliklərin başqa bir hikməti də belədir: özünü dünyada  böyük bir qüvvə sahibi hesab edən insan Allahın diləməsi ilə bir anda baş verən  fəlakətlər qarşısında özünün nə qədər aciz olduğunu dərk edir. O, nə özünə, nə  də ətrafında olanlara kömək edə bilmir. Hər şey Allahın əlindədir, Ondan başqa  heç kim zərər və ya fayda verə bilməz. Bu həqiqət insanlara belə bildirilir:
                              "Əgər  Allah sənə bir sıxıntı versə, Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah  sənə bir xeyir yetirsə heç kəs ona mane ola bilməz. Çünki O, hər şeyə  qadirdir!" ("Ənam" Surəsi, 17) 
                              Bu fəsildə bu  vaxta qədər bütün dünyada baş vermiş təbii fəlakətləri onun təsirləri ilə izah  edəcəyik. Və bunun nəticəsində də insanların dördəlli yapışdığı bu dünyanın  əslində kor-koranə bağlanılan bir yer olmadığını və həqiqi həyatın axirət  həyatı olduğunu xatırladacağıq. Sizə göstərəcəyimiz bu hadisələr eyni zamanda  insanların fəlakətlərdən əvvəl və sonra bu hadisələr qarşısında nə qədər aciz  olduqlarını göstərir. Bu çarəsizlik və acizlik Allahın qüvvəsi qarşısında hər  bir insanın gücsüz olmasının və onun Allahdan başqa heç bir dost və  köməkçisinin olmamasının da ifadəsidir.
                              ZƏLZƏLƏLƏR 
                              Zəlzələlər təbii  fəlakətlər arasında ən çox zərərverici xüsusiyyətə malik olan və insanları ən  çox qorxudan hadisələrdir. Aparılan araşdırmalara görə, dünyada hər iki  dəqiqədən bir zəlzələ baş verir. Hesablama aparsaq, bir il ərzində dünyada  milyona yaxın zəlzələ baş verir. Bunların təxminən 300 minə qədəri hiss edilən  qüvvədə, 20 dənəsi isə bir şəhəri dağıdacaq qüvvəyə malikdir. Lakin zəlzələlər  həmişə əhalinin sıx yaşadığı yerlərdə baş vermədiyindən çox da mənfi nəticələrə  səbəb olmurlar. Hər il baş verən zəlzələlərin yalnız 5-i dağıntı və ölümə səbəb  olur.
                              
                              Yuxarıda da gördüyümüz kimi, insanlar zəlzələlərlə çox da tez-tez rastlaşmır.  Təxminən hər iki dəqiqədən bir dünyanın hər hansı bir yerində zəlzələ olsa da  bu zəlzələlərin gücü elə həssas şəkildə ölçülüb-biçilmişdir ki, bəzən  insanların çoxu bunu heç hiss etmir. Əlbəttə ki, bu, Allahın insanları  qorumasının aşkar dəlillərindən biridir.
                              Bu gün zəlzələlər  ən çoxu bir şəhərdə və ya bir şəhərin ətrafında olan müəyyən bölgələrdə hiss  edilir. Halbuki bütün dünyaya təsir edəcək şiddətdə, həyata son qoyacaq, yer  üzünü tamamilə dağıdacaq bir gücdə zəlzələ yaratmaq Allah üçün çox asandır.  Belə ki, yer üzünün quruluşu səbəbi ilə zəlzələlərin əmələ gəlməsi çox  normaldır: ayrılma yerləri, təbəqələr arasındakı boşluqlar və s. Bu təbiət  hadisəsini qaçılmaz edir. Bir elmi mənbə zəlzələlərdən belə bəhs edir:
                              "Dünyanın  dərinliklərində olan qüvvə sərt yer qabığına onun möhkəmliyindən artıq şəkildə  təzyiq göstərir, bu təbəqə həmin təzyiqə davam gətirməyərək qırılır və yarılır.  Bu yer titrəməsi nəticəsində şəhərin bütün tikintiləri yerlə-yeksan ola, bütün  insanlar xilas olmadan həmin dağıntıların altında qala bilər" ("Təbii  fəlakətlər", Riders Daygest, 1996) 
                              Şübhəsiz ki,  Allahın zəlzələni meydana gətirməsi üçün həmin yerin "təbii  şərtlər"inin zəlzələyə uyğun olub-olmamasının elə bir əhəmiyyəti yoxdur.  Allah dilədiyini hər an edə bilər. Lakin Allah yer üzərində olan təbii şərtləri  olduqca etibarsız və qeyri-sabit etməklə insana bu dünyanın həqiqətən də çox  təhlükəli olduğunu xatırladır. İnsanlar təbii fəlakətlərlə bağlı Quranda belə  xəbərdar edilir:
                              "Pis  hiylələr quranlar Allahın onları yerdə görməyəcəyinə, yaxud özləri də  bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?! Və ya gəzib  dolaşarkən əzabın onları yaxalamasından qorxmurlarmı? Axı onlar qaçıb canlarını  qurtara bilməzlər! Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına əmindirlər?!  Həqiqətən, Rəbbin Şəfqətlidir, Mərhəmətlidir!" ("Nəhl" Surəsi,  45-47)
                              
                              Allah diləsə, bir neçə saniyə sürən bu zəlzələlər saatlarla, hətta günlərlə  davam edər. İnsanlar başlarına gələn fəlakətin dəhşətini gördükləri halda yeni  fəlakətlərə məruz qala bilərlər. Şübhəsiz ki, bu da Allah üçün çox asandır.  Lakin Allah insanları öz rəhməti ilə qoruyur. İnsanlara Özünün böyüklüyünü və  Onun diləməsinə qarşı gəlməyin mümkün olmadığını xatırladır. Həmçinin dünyaya  olan ehtirasın və bunun üçün çalışmağın heç bir əvəzinin olmadığını bildirir.
                              
                              XX əsrdə meydana gələn ən böyük zəlzələləri və onun təsirlərini yada salmaq bu  məqamda faydalı olacaq.
                              TEХNOLOGİYANIN  MƏĞLUBİYYƏTİ: KOBE ZƏLZƏLƏSİ 
                              Bəzən insanlar  əllərində olan texnika ilə sanki təbiətə hökm edəcək bir qüvvəyə sahib  olduqları kimi bir hissə qapılırlar. Halbuki belə güman edənlər qısa müddətdə  yanıldıqlarının şahidi olacaqlar. Çünki nəticə olaraq texnologiya da Allahın  insanların ixtiyarına verdiyi bir vasitə olub Onun əmri altındadır. Belə ki,  müxtəlif hadisələr hətta ən yüksək texnologiyalar vasitəsilə də insanın təbiətə  hökm edəcək qüvvədə olmadığını isbat etmişdir.
                              
                              Məsələn, yaponların çox diqqətlə hazırladığı "zəlzələyə qarşı tədbir"  texnologiyasına baxmayaraq 1995-ci ilin yanvar ayında səhərə yaxın davam etmiş  zəlzələnin onları məğlub etməsindən xilas ola bilməmişlər. Yüksək texnologiya  əsasında tikdikləri binaların çoxu kağız parçası kimi uçulmuşdu. Yapon hökuməti  və universitetləri zəlzələni əvvəlcədən xəbər verən vasitəyə malik olmaq üçün  apardıqları araşdırmalara son 30 il ərzində 1 milyard dollara yaxın kapital  qoyublar. Lakin bu məsələdə uğur qazana bilmədilər, çünki yer üzündə olan  zəlzələləri öyrənib ayırd edə bilmək üçün tam dəqiq modellər yaradıb inkişaf  etdirmək mümkün deyil. Belə ki, Kobedə meydana gələn zəlzələ başqalarından çox  fərqlənməsi baxımından buna misal ola bilər.


                              Kobedə olan əhali  zəlzələni onlara bir neçə saat, hətta bir neçə gün əvvəldən xəbər verə biləcək  sistemə güvənirdi. Lakin bu gözəl bir liman şəhərini bir anda alt-üst edən və  mərkəzi Kobedən 25 km aralıda, dənizin 15 km dərinliyində olan zəlzələni heç  bir sistem xəbər verə bilmədi. Yaponların "ən şiddətli zəlzələyə də  dözür" dedikləri binaların bu zəlzələyə qarşı heç bir möhkəmliyinin  olmadığı məlum oldu.
                              


                              Zəlzələnin meydana gəldiyi Kobe və Osaka şəhərləri Yaponiyanın aparıcı sənaye  və ticarət mərkəzlərindəndir. Buna görə də zəlzələnin vurduğu zərər  milyardlarla dollara bərabər oldu.
                              
                              Bu böyük zəlzələdən əvvəl çox yüksək səviyyədə həyat tərzi keçirən insanlar  gözləmədikləri halda gələn bir fəlakət nəticəsində nəinki gələcəkdə, heç həmin  anda da nə edəcəklərini bilmədilər.
                              TAYFUNLAR,  QASIRĞALAR, FIRTINALAR... 
                              Tayfun və qasırğa  kimi atmosfer hadisələri də dünyada tez-tez rast gəlinən fəlakətlərdəndir. Bu  hadisələr zamanı əmələ gələn küləklər bəzən evləri, binaları, taxta evləri,  ağacları, elektrik dirəklərini və insanları sovuracaq qədər güclüdür.
                              
                              Хüsusən də güclü tayfunlar dənizi çalxalayaraq nəhəng dalğaların əmələ  gəlməsinə və dənizin qəfildən qabarmasına səbəb olur. Fırtına dalğası  adlandırılan bu hadisədə dalğalar güclü təsirlə sahilə çırpılır. Bu, bəzən  həmin sahədə olan quru hissənin tamamilə su altında qalması ilə nəticələnir.  Bundan əlavə, tayfunla gələn yağışlar çaylarda ciddi daşqınlara səbəb olur.

Əsasən yüngül bir əsinti olaraq gördüyümüz küləyin bəzən insanları, heyvanları, nəqliyyat vasitələrini, hətta evləri də yerindən oynadıb hərəkət etdirəcək qüvvədə olması Allahın qüdrətinin daha bir dəlillərindəndir. Burada da onun zəlzələlər üçün olan qanunu həyata keçir. Allah diləsəydi, tayfun, qasırğa, fırtına kimi fəlakətlər daha şiddətli olar və tez-tez baş verə bilərdi. İnsanlar bir fəlakətdən xilas olmamış başqasına düçar ola bilərdilər. Küləklərin Allahın nəzarətində olması Quranda insanlara belə bildirilir:
                              "Göydə  olanın yer hərəkətə gəlib çalxalandığı zaman sizi onun dibinə batırmayacağına  əminsinizmi?! Yaxud göydə olanın sizin üstünüzə daş yağdıran bir yel  göndərməyəcəyinə arxayınsınızmı?! Onda Mənim qorxutmağımın necə olduğunu mütləq  biləcəksiniz. Onlardan əvvəlkilər də təkzib etmişdilər. Mənim onları  cəzalandırmağım necədir?" ("Mülk" Surəsi, 16-18) 


                              Halbuki hər bir  hadisədə olduğu kimi burada da Allah insanlar üzərindəki qorumasını bildirir və  onlara ara-sıra göndərdiyi fırtınalarla xəbərdarlıq edir. Belə xəbərdarlıqlar  insanların dünyaya nə məqsədlə gəldiklərini, Allahın qüvvəsi qarşısında aciz  olduqlarını və bir gün Ona hesab verəcəklərini unutmamaları üçündür.
                              YANARDAĞLAR,  VULKANLAR 
                              Yer qabığının  seysmik hərəkəti nəticəsində meydana gələn zəlzələlərlə yanaşı vulkanik  dağlarda əmələ gələn partlayış və püskürmələr də mühüm təbii fəlakətlərə  aiddir. Dünyada 550-si yer üzərində - 4 və digərləri də dənizin dibində olmaqla  1500-ə yaxın aktiv vulkan var. Bunlardan hər hansı birinin hər hansı bir zaman  fəaliyyətə başlaması çox asan məsələdir. Bir vulkan püskürdükdə isə ətrafında  olan böyük bir bölgəni öz təsiri altına alır. Heç bir texnologiya da bunun qarşısını  ala bilməz.
                              
                              Vulkanlar keçmişdə və bu gün olduqca böyük izlər buraxır. Vulkanlar keçmişdə  mövcud olmuş şəhərləri yer üzündən silmiş, bir çox insanları yox etmişdir. Əkin  sahələri yox olmuş, tarlalar külə dönmüş və göyün üzü də buludlarla tutulmuşdur.
                              
                              Böyük bir fəlakət mənbəyi olan vulkanlar tarixdə Pompey kimi nəhəng şəhərləri  yox etmişdir. Vezuvi kimi böyük bir vulkanın yanlış həyat tərzi keçirən,  azğınlıq və ifratçılıq içində yaşayan bir xalqı bir anda məhv etməsi şübhəsiz  ki, ibrətamiz bir hadisədir.
                              
                              Bu gün də vulkanlar heç kimin gözləmədiyi bir anda püskürür və onların əmələ  gətirdiyi lavalar uzun məsafə boyunca hərəkət edərək böyük dağıntılara və  zərərlərə səbəb olur. Vulkan püskürməsinin lavadan başqa digər bir təsiri də  qarşısına çıxan hər şeyi yandırıb-yaxan qaz və küldən ibarət küləkdir. Bu  küləyin sürəti bəzən saatda 160 km-ə də çata bilir, onun yandırıcı təsiri olur,  görmə məsafəsini yox edir.
                              


                              Ərazisində 200 aktiv vulkan olan İndoneziyadakı Karakatou vulkanının 1883-cü  ildə püskürməsi nəticəsində 160-dan artıq kənd məhv olmuş və 36000 insan bu  zaman yaranan sunamidə boğulmuşdu. Bu püskürmənin tozları 10 gün sonra 3000 mil  məsafəyə qədər çatmışdı.
                              
                              Vulkanların başqa bir xüsusiyyəti də onların qəfil püskürməsidir. 150 il  müddətində sönmüş Nevado del  Ruiz vulkanının 1985-ci ildə püskürməsini  buna misal göstərmək olar. Yüzlərlə insanın ölümünə səbəb olan bu püskürmə  əslində o qədər də böyük bir püskürmə deyildi. Əgər müqayisə etməli olsaq, bu,  1980-ci ildə meydana gələn müqəddəs Helens vulkanının püskürməsinin gücünün 3  faizinə bərabər idi. Nevado del Ruiz vulkanının püskürməsi ətrafa həmin bölgədə  olan buz və qarı əridəcək qədər istilik yaydığı üçün palçıq və su seli dağın  ətəklərindən gələrək Armero şəhərini yer üzündən silmişdi. Bu püskürmə 1902-ci  ildə Karib adasında 30.000 insanın ölümü ilə nəticələnən Pelee vulkanının  püskürməsindən bəri rast gəlinən ən böyük vulkan püskürməsi idi. Bu hadisə baş  verən anda yatmağa hazırlaşan 25000 insandan yalnız 2000 nəfərinin sağ qaldığı  məlum oldu. Yerdə qalan 23000 insan isə püskürmə zamanı palçıq selinin altında  qalaraq tələf olmuşdu.
                              


                              Qeyd etdiyimiz kimi, Allah bu hadisələrlə də insanlara ölümün nə qədər asan və  yaxın olduğunu göstərir, onları dünyaya gəlmə məqsədləri barədə düşünməyə dəvət  edir. Allahın belə sonsuz qüvvəsini görən insanların vəzifəsi isə dünyadakı  50-60 illik bir həyatlarını uzun görüb əbədi axirət həyatlarını unutmamaqdır.  Bütün insanlar bilməlidir ki, nə olursa olsun, onlar bir gün Allahın hüzurunda  dünyadakı əməllərinə görə hesab verəcəklər:
                              "Elə bir  gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar  bir olan, qalib olan Allahın hüzurunda duracaqlar!" ("İbrahim"  Surəsi, 48) 
                              SUNAMİLƏR 
                              Yapon sözü olan sunami "liman dalğası"  deməkdir. Bunlar əsasən zəlzələlərdən sonra əmələ gələn nəhəng dalğalardır. Bu  nəhəng dalğaların təsir gücünün bəzən atom bombasının törətdiyi dağıntılar  qədər dağıntıya səbəb olduğu sübuta yetirilib.


                              SELLƏR 
                            Şübhəsiz ki, yer üzünün bir çox bölgələrinin belə  ciddi fəlakətlərlə üz-üzə qalması mühüm bir həqiqəti göstərir. Allah insanlara  hər cəhətdən əzab göndərməyə və onların bütün qazandıqlarını bir neçə saniyədə  əllərindən almağa qadirdir. Fəlakətlərin yer üzünün hər bir tərəfində ola  bilməsi insanların Allahın diləməsindən kənar heç bir yerdə təhlükəsizlikdə ola  bilməyəcəyinə sübutdur. Allah əzabını istədiyi şəkildə - yerin altından,  üstündən, qurudan və dənizdən göndərə bilər. İnsanların bu həqiqəti gözardı  etməməsi üçün Allah belə buyurur:
                            "Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara  gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi  əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?  Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi?  Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa  heç kəs arxayın ola bilməz!" ("Əraf" Surəsi, 97-99) 
                            Belə ki, Allahın nemət və gözəllik olaraq verdiyi su  yenə də Allahın diləməsi ilə böyük bir əzab vasitəsinə çevrilə bilər. Hər il  belə fəlakətlərin şahidi olsalar da bəzi insanların bundan hələ də nəticə  çıxarmaması, özlərini bu fəlakətlərdən uzaq görməsi təəccüb doğurur.

                            

TARİХİN İBRƏTAMİZ NÜMUNƏSI: "TİTANİK"  GƏMİSİ 
                              Dünya tarixi öz gücünə və texnologiyasına güvənib  Allahın qüdrətini unutmuş insanların başına gələn ibrətamiz hadisələrlə  zəngindir. Bu hadisələrin hər biri nə gücün, nə zənginliyin, nə elmin, nə  texnologiyanın, qısası, heç bir şeyin Allahın gücündən üstün olmadığının isbat  edilməsi və onun qüvvəsinin və böyüklüyünün hər şeyin fövqündə olmasının  insanlara bir daha xatırladılması baxımından olduqca mühümdür.
                            
                            

Saysız-hesabsız misallarını göstərə biləcəyimiz bu hadisələrin ən bariz  nümunələrindən biri "Titanik" adlı transatlantik gəminin təxminən 86  il əvvəl qarşılaşdığı fəlakətdir. "Titanik" 15 min insanın əməyi  nəticəsində hazırlanan nəhəng səyahət gəmisi idi. Hündürlüyü 55 m, uzunluğu 275  m olan bu gəmi o zamana qədər ən nəhəng gəmi idi. Bu gəmi texniki cəhətdən  yüksək səviyyədə hazırlandığı üçün insanlar bu gəminin heç bir şəraitdə  batmayacağına əmin idilər. Lakin həmin insanlar mühüm bir həqiqəti unudurdular  ki, Allahı unudub Onun qüvvəsini hesaba almamaq mümkün deyil. Belə ki, çox  kiçik bir zədə gəminin sıradan çıxmasına və çox qısa müddətdə batmasına səbəb  oldu.
                            

                            Həmin hadisədən xilas olanların bildirdiyinə görə, batacaqlarını görən insanlar  gəminin göyərtəsində dayanıb Allaha dua edirdilər. Belə ki, Quranın bir çox  ayələrində insanların çətin anlarında Allaha dua etdikləri, lakin bu  vəziyyətdən çıxdıqdan sonra həmin duanı unutduqları bildirilir:
                              "Sizin üçün nemətindən özünüzə ruzi axtarmaq  məqsədilə dənizdə gəmiləri hərəkətə gətirən məhz Rəbbinizdir! Həqiqətən,  Rəbbiniz sizə qarşı Rəhmlidir! Sizə dənizdə bir çətinlik üz verdiyi zaman qeyri  ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda  üz döndərirsiniz. İnsan nankordur! Məgər quruda sizi yerə batırmayacağına,  yaxud başınıza daş yağdırmayacağına əminsinizmi?! Sonra heç sizi qoruyan da  tapılmaz. Yoxsa bir də sizi dənizə qaytarmayacağına, şiddətli bir fırtına  göndərib sizi batırmayacağına arxayınsınız? Sonra sizdən ötrü Bizdən intiqam  alacaq bir kəs də tapa bilməzsiniz" ("İsra" Surəsi, 66-69) 
                              Bir insanın həyatında belə bir hadisəni  yaşayıb-yaşamamasından asılı olmayaraq o, dünyadakı hər şeyin müvəqqəti  olduğunu əsla unutmamalıdır. Çünki insan belə bir hadisə ilə qarşılaşdığı zaman  bir daha həmin səhvləri düzəltmək imkanı olmaya bilər. Allah insanın  gözləmədiyi bir şəraitdə ölümü onun qarşısına çıxara bilər:
                              "Məgər  onlar göylərin və yerin mülkünə, Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin  yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna inanmadıqdan  sonra hansı kəlama inanacaqlar?" ("Əraf" Surəsi, 185)
ALLAHIN BİR RƏHMƏTİ KİMİ
                              "Biz  onların hər birini öz günahı ilə yaxaladıq. Kiminin başı üstünə qızmar daş  yağdırdıq, kimini dəhşətli səs yaxaladı, kimini yerə batırdıq, kimini də suya  qərq etdik. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm  edirdilər" ("Ənkəbut" Surəsi, 40)
                              
                              Bura qədər qeyd olunanlar mövcudluqlarının həqiqi məqsədini unudaraq yaşayan  insanlara mühüm bir həqiqəti bildirmək məqsədi daşıyır. Dünyada heç bir şey  Allahdan ayrı, Ondan azad deyil. "...  Allah Öz işində qalibdir, lakin insanların əksəriyyəti bilməz!"  ("Yusif" Surəsi, 21) ayəsində  də bildirildiyi kimi, heç bir qüvvə Allaha qarşı çıxa bilməz.
  
                          Lakin ayədə göstərildiyi kimi, "insanların əksəriyyəti" bunu  bilməzlər. Onlar dünyada heç bir problemlə qarşılaşmayacaqlarını, başlarına heç  bir iş gəlməyəcəyini güman edirlər. Hətta ətraflarında baş verən fəlakətlərlə  bir gün özlərinin də qarşılaşacaqlarını düşünmək belə istəmirlər. Əgər doğrudan  da bir bağlılıqları yoxdursa, haqqında danışılan hadisələri özlərindən uzaq  görürlər. Ola bilsin ki, bu hadisələri eşitdikləri zaman bir qədər təsirlənsinlər,  lakin bir müddət keçdikdən sonra yenə də unudurlar.
                              Halbuki hər yeni  günün əvvəlki gün kimi olacağını düşünmək olduqca yanlış bir fikirdir. Bu  bölümdə qeyd etdiyimiz bəlalara bənzər fəlakətlərə məruz qalan insanlar da  əlbəttə ki, şahid olduqları fəlakət günlərinin də başqa günlərdən fərqli  olmadığını düşünmüşlər. Lakin həmin gün onlar üçün başqa günlərdən fərqli olmuş  və Allah onları sahib olduqları hər şeyi bir anda itirə biləcəklərini göstərən  bir hadisə ilə üzləşdirmişdir.
  
                          İnsanların əksəriyyəti bu mühüm həqiqəti bilmir. Həm dünyanın müvəqqəti bir  həyat olduğunu unudur, həm də Allaha hesab verəcəklərini nəzərə almırlar. Bu  qəflətə görə də Allah rizası üçün yaşamaları lazım olan həyatı onlara heç bir  fayda verməyən işlərlə boş yerə keçirirlər.
                          Buna görə də  insanların başlarına gələn çətinliklər həm özləri, həm də onlara şahid olan  insanlar üçün Allahın bir rəhmətidir. Bu yolla Allah dünyanın müvəqqəti bir  məkan olduğunu onlara göstərir, "həqiqi məkan" olan axirətə hazırlıq  görməyə təşviq edir. Buna görə də əslində dünyada insanların başına gələn  bəlaların bir çoxu Allahın onlara verdiyi bir fürsətdir. Bu bəlalar onların  tövbə etməsi və davranışlarını düzəltməsi üçün verilir. Bütün bu hadisələrdən  insanların alacaqları ibrəti Allah Quranda belə bildirir:
                            "Münafiqlər  ildə bir-iki dəfə bəlaya giriftar olduqlarını görmürlərmi? Bununla belə, yenə  tövbə edib ibrət almırlar!" ("Tövbə" Surəsi, 126)
;







